Hüceyrədəki möcüzə

Bu saytın mövzusu, insan bədəni və bütün bitki və heyvan növlərinin təməl elementi olan hüceyrədir. Əksər insanın gözündə bu mövzu biologiya və ya qismən kimyanın maraq dairəsinə aiddir. Buna görə də, insan hüceyrəsi ilə əlaqədar bir kitab, ancaq bir biologiya və ya kimya kitabı olmalıdır. Halbuki oxuduğunuz sayt qətiyyən bir kimya və ya biologiya kitabı deyil. Məqsəd, oxucunun mövzu barəsindəki elmi təcrübəsini artırmaq, ona bioloji təfərrüatlar öyrətmək də deyil. Çünki hüceyrə haqqındakı biologiya məlumatını artırmaq insana təklikdə elə də çox şey qazandırmaz. Onsuz da bu məlumatlar məktəblərdə şagirdlərə öyrədilir, lakin əksəriyyəti bunları çox qısa müddətdə bir daha xatırlamamaq üçün unudar. Bunun səbəbi, məktəblərdə şagirdlərə verilən bu cür məlumatların tamamilə yanlış məntiqlə verilməsidir.

Əslində bu yanlış məntiq, gənc insana həyatının başlanğıcından etibarən aşılanmağa başlanar. Kiçik uşaq dünyanı müşahidə etməyə başlayan kimi, ətrafındakı şeylər qarşısında təəccüblənər və suallar verər. Məsələn, Günəşə baxar, təəccüblənər və belə sual verər: Belə böyük bir alov topu havada necə dayanır və insanlar üçün ən əlverişli məsafədən, ən əlverişli miqdarda istilik və işığı necə verir? Onu oraya kim, necə və nə üçün qoymuşdur?

Lakin uşaq böyük ehtimalla bu və bənzəri suallarına belə bir cavab alacaq: Günəş minlərlə ildir ki, orada dayanır, bu olduqca normal bir şeydir. Həmçinin onu oraya heç kəs qoymamışdır. Böyük bir partlayış nəticəsində guya "təsadüfən" olduğu yerə yerləşmiş, həmçinin Yer də guya "təsadüfən" insan həyatı üçün ideal məsafədə meydana gəlmişdir.

Halbuki bu sualların düzgün cavabı; “Günəşin insanlara istilik və işıq verməsi, uca Allahın sonsuz məlumatının və mükəmməl yaratmasının bir əksidir” olmalıdır. Əgər Allah istəməsə, Günəş olmazdı və biz də Yer üzündə yaşaya bilməzdik. Yaxud Günəş Yerə daha uzaq və ya yaxın olardı ki, bizim də buna görə yaşamaq ehtimalımız mümkün olmazdı. Günəş, ətrafımızdakı hər şey kimi Allahın bir möcüzəsi və rəhmətidir. Onu həmişə xatırlamağımız və Ona şükür etməyimiz üçün vasitə olmalıdır.

Lakin bir qədər əvvəl ifadə etdiyimiz kimi, uşaq ümumiyyətlə bu cavabı almaz, ilk söylədiyimiz kimi aldadılar. Qarşılaşdığı hər hadisədə həmişə bu məntiqlə qarşılaşar və nəticədə o da heç nəyə heyrətlənməməyi və heç nəyin fövqəladəliyini görməməyi öyrənər. Bir meyvəni ilk yediyi vaxt, ağacların insanlar üçün, necə belə faydalı və gözəl şeylər verdiklərini soruşar. Böyük ehtimalla eyni cavabı alar: Ağaclar milyonlarla ildir ki, meyvə verirlər. Bu normaldır, təəccüblənmək üçün səbəb yoxdur.

Məhz bu şəkildə laqeydləşdirilən uşaq, əsil təhsilini məktəbdə alar. Məktəbdəki həyat bilgisi və ya bir qədər də böyüdükdə keçəcəyi fizika, kimya, biologiya kimi dərslərdə, varlıqların və hadisələrin, tək tərəfli şəkildə izah edilən dırnaqarası "elmi izah"larını öyrənər. Dərslərdə insan bədənini və ya təbiəti tanıyar, lakin yenə də bunların mütləq normal şey olduğuna, möcüzəvi olmadıqlarına inandırılar. Verilməli sualların verilməsinə əsla icazə verilməz. Bu necə olmuşdur?, buradakı ağlın mənbəyi nədir?, belə bir tarazlıq necə ola bilər?, kimi sualları heç verməməyi öyrənər. Məsələn, ağacların necə meyvə əmələ gətirdiklərinin bioloji təfərrüatlarını öyrənər; fotosintezlə və ya bitki quruluşuyla əlaqədar məlumatlar izah edilər. Lakin bütün bunlar edilərkən yenə; "bir odun parçasından insanın ağız dadına və sağlamlığına uyğun, dünyanın ən gözəl paketinə sahib mükəmməl qidalar necə çıxa bilər?"; "məgər bu vəziyyət, ağacın və insanın eyni ağıl sahibi tərəfindən yaradıldığının və ağacın insana meyvə vermək üçün, xüsusi olaraq yaradıldığının əlaməti deyil?" kimi suallar verməz. Varlıqların məqsədləri üzərində düşünməz. Təkcə, varlıqların mahiyyəti barəsində daha çox məlumat toplayar. Özü də insana heç nə qazandırmayan, qəlbinə və ruhuna heç bir müsbət təsir göstərməyən, quru məlumatlar, adlar...
Bu sayədə mövcud olan yaradılış möcüzələrinə qarşı həssaslığını itirər. Heç nəyə heyrətlənməməyi, özünü görürmüş hesab edən bir kor olmağı öyrənər. Artıq daha böyük bəzi təlqinləri də qəbul etməyə hazır vəziyyətə gəlmişdir. Məhz bu məqamda, təhsilin son pilləsi olan "təkamül nəzəriyyəsi" fəaliyyətə keçər.

Çünki, ətrafını əhatə edən bütün möcüzələr və fövqəladə həqiqətlər qarşısında gözləri yumulu vəziyyətə gəlmiş, duyğusuzlaşmış bu gənc insan, yalnız tək bir sualı cavablandırmaqda çətinlik çəkər: Bütün bu canlılar ilk dəfə necə yarandılar? Məhz təkamül bu məqamda hər şeyin guya "təsadüfən" yarandığı kimi, ağlasığmaz bir cəfəngiyatı elmilik pərdəsi altında, ona təqdim edər.
Təkamülün yalanları ilə aldadılan bu gənc insan bundan belə həyatının geri qalan hissəsini, yalnız eqoist ehtiraslarını təmin etmək, heç düşünmədən yeyib-içmək arxasınca gedərək rahatlıqla keçirə bilər. Çünki, həmin vaxta qədər özünü narahat edən vicdanının son qırıntılarını da beləcə ürəyindən söküb atmışdır. Ölüm onu qəfildən bu vəziyyətdəykən yaxalayacağı və cəhənnəmə üzüstə atılacağı vaxt isə, dünyaya geri qayıtmaq və iman sahiblərindən olmaq üçün yalvaracaq. Lakin ona: “Onlara deyiləcək: “Məgər orada (dünyada) sizə öyüd ala biləcək kimsənin öyüd ala biləcəyi qədər uzun ömür vermədikmi? Sizə qorxudub xəbərdar edən də gəlmişdi. Elə isə dadın (əzabı)! Zalımlara kömək edən olmaz”” (Fatir surəsi, 37) cavabı veriləcək.

Məhz bundan ötrü də, insana düşən, ayədə deyildiyi kimi, özünə verilmiş möhlət ərzində öyüd alıb düşünməkdir. Bu möhlətin nə vaxt bitəcəyini bilmədiyi üçün də, itirəcəyi bir anlıq belə vaxtı yoxdur. İnsan, özünün və ətrafındakı obyektlərin necə yaradıldığını düşünmək, bu sayədə Allahı tanımaq və Onun gücünü təqdir etməyə çalışmaq üçün yaradılmışdır. Dünyadakı həyatının əsas məqsədi budur.

Bu saytın məqsədi isə, bu öyüd alıb düşünmə səyinə köməklik edə bilməkdir. Bir qədər əvvəl məktəblərdə öyrədilən quru məlumatların insanların beyinlərini keyitdiyini, çünki bu yolla verilməli sualların verilməsinə əsla icazə verilmədiyini söyləmişdik. Sonrakı səhifələrdə, bəzi texniki məlumatları da araşdıracağıq, amma eyni anda verilməli sualları verəcək və hadisələrin arxasındakı hikmətləri tapmağa çalışacağıq.


Ağıllı dizayn, yəni yaradılış

Allahın yaratmaq üçün dizayn etməyə ehtiyacı yoxdur.
Kitabın bəzi yerlərində işlədilən “dizayn” sözünün doğru başa düşülməsi əhəmiyyətlidir. Allahın mükəmməl bir dizayn yaratmış olması, Rəbbimizin əvvəlcə plan qurduğu, daha sonra yaratdığı mənasını verməz. Bilinməlidir ki, yerlərin və göylərin Rəbbi olan Allahın yaratmaq üçün, “dizayn” etməyə ehtiyacı yoxdur. Allah eyni anda dizayn edər və yaradar. Allah bu cür nöqsanlardan uzaqdır. Allahın, bir şeyin və ya bir işin olmasını istədiyi vaxt, onun olması üçün təkcə "ol" deməsi kifayətdir. Ayələrdə belə buyurulur:

Bir şeyi yaratmaq istədikdə ona təkcə: “Ol!” deyər, o da dərhal olar.
(Yasin surəsi, 82)

O, Göyləri və yeri (nümunəsiz olaraq) yaradandır. O, bir işin olmasına qərar versə, ona təkcə: "Ol" deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)